USİAD-in əslində cinayətkar bir təşkilat olduğu çoxdan məlumdur  - Rəşad Bayramov

11:09 17.02.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“USİAD-in əslində cinayətkar bir təşkilat olduğu çoxdan məlumdur. Azərbaycan olaraq biz bunu dəfələrlə bəyan etmişik və bu təşkilatın əsl missiyasının heç də “humanitar yardım” və “xeyriyyəçilik” olmadığını sübut edən faktları da ortaya qoymuşuq. Amma ABŞ uzun illər ərzində bu həqiqətləri qəbul etməkdən imtina edərək, ən yüksək səviyyədə USİAD-i müdafiə etməkdə davam edib”.

Bunu hafta.az-a açıqlamasında siyasi ekspert Rəşad Bayramov bildirib. Onun sözlərinə görə, bu da ona görə idi ki, həmin dövrdə bu Agentlik ABŞ üçün bir xarici təsir mexanizmi rolunda çıxış edib:

“ABŞ Prezidenti, dövlət katibi və Milli Təhlükəsizlik Şurasına tabe olan USAİD həmişə “demokratiyanın inkişafı” adı altında Amerikanın maraqlarını irəli sürən bir alət olub. İndi bu qurumla bağlı araşdırmalara başlanılması, rəsmi səviyyədə korrupsiyada günahlandırılması, maliyyələşdirdiyi layihələrlə cinayətkar fəaliyyəti icra etməsinin elan olunması, ABŞ adminstrasiyasının bu qurumla bağlı həqiqətləri gec də olsa nəhayət ki, görməsi təqdirəlayiqdir. Milyardlarla dolların heç də inkişaf üçün deyil, şübhəli və absurd layihələrə xərcləndiyi artıq hamı tərəfindən qəbul olunur. "Əl-Qaidə" təşkilatı üçün qida alınması, Qvatemalada cinsin dəyişdirilməsi və LGBT aktivizminin maliyyələşdirilməsi, Kolumbiyada transgender operası, Peruda transgender komiksləri, İrlandiyada LGBT myuziklinin maliyyələşdirilməsi, COVİD-19 da daxil olmaqla bioloji silahların hazırlanmasının maliyyələşdirilməsi, Əfqanıstanda tiryək istehsalçılarına vəsait ayrılması hələ USAİD-in maliyyələşdirdiyi layihələrin yalnız cüzi bir hissəsidir. Bütün bunlar USAİD-nin sözün əsl mənasında cinayətkar bir qurum olduğunu sübut edir.

Hər il Ermənistana 120 milyon dollardan çox maliyyə vəsaiti ayıran, keçən ildən etibarən isə bu vəsaiti 250 milyon dollara qaldıran bir təşkilat olaraq USAİD erməni separatizminin dəstəklənməsində də xüsusi canfəşanlığı ilə seçilib. Təşkilata rəhbərlik edən Samanta Pauerin Qarabağ separatçılarının nümayəndəsi, milyarder Ruben Vardanyanla sıx əlaqələrdə olması, Ukraynada separatçıları maliyyəşdirən Ruben Vardanyanla əməkdaşlıq etməsi, hətta erməni milyarderin “soyqırıma məruz qalmış ermənilər”ə yardım etmək məqsədilə yaratdığı “Avrora” təşkilatından 1 milyon dollar dəyərində mükafat alması da faktdır”.

R.Bayramovun fikrincə, şübhəsiz ki, agentliyin ləğvi ABŞ-ın dünyada öz maraqlarını irəlilətməkdən imtina etməsi kimi qəbul olunmamalıdır. Onun sözlərinə görə, çox böyük ehtimalla USAİD hansısa yeni bir qurumla əvəz ediləcək:

“Çünki ABŞ-ın uzun illər ərzində ətrafına ayrı-ayrı ölkələrdən çoxlu sayda “agentlər” toplamış bir qurumdan tamamilə imtinası maliyyə hesabına hər şeyi satmağa hazır olan böyük bir şəbəkənin başqalarının əlinə keçməsi ilə nəticələnə bilər. Bu şəbəkə özünə yeni sponsorlar axtarmaq məcburiyyətində qala bilər və o zaman kimin nəzarətinə keçə biləcəyi də böyük müəmmadır. Odur ki, ABŞ hansısa formada yeni agentliyin fəaliyyətində maraqlı olacaq”.